AzMİU-da bina karkasının seysmik dayanıqlığına dair məsələlər müzakirə edilib [01.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Bina karkasının seysmik dayanıqlığının bəzi aspektləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məruzəçisi AzMİU-nun “İnşaat konstruksiyaları” kafedranın professoru, əməkdar mühəndis, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Konstruksiya” şöbəsinin rəisi Lətif Zeynalov olub.
Universitetin İnşaat fakültəsinin İnşaat konstruksiyaları kafedrasının tədris mərkəzində keçirilən seminarda AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova, İnşaat fakültəsinin dekanı, dosent Sahib Fərzəliyev, fakültənin əməkdaşları, respublikanın tanınmış layihəçiləri, doktorant və tələbələr iştirak ediblər.
Məruzəçi respublikamızda seysmik normaların və bu istiqamətdə layihələndirmələrin təkmilləşdirilməsi məsələləri, həmçinin bu sahəda olan problemlər və qarşıda duran məsələr haqqında geniş məlumat verib. Qeyd olunub ki, bina və qurğularda seysmik dayanıqlığın təmin edilməsi üçün istər normaların, istərsə də layihələndirmədə həlli vacib olan xeyli məsələ mövcuddur. Bildirilib ki, xüsusilə normalarda bina karkaslarının hesablama modellərinin düzgün tərtib olunmasına, karkas materiallarının (dəmir-beton, metal, qarışıq və s.) işinin düzgün qiymətləndirilməsinə, bina hündürlüyündə standartlara əməl olunmasına, konstruksiyalandırma tələblərinə, qeyri xətti hesablama metodlarının tətbiqinə dana geniş yer verilməlidir. 
Sonda mövzu ətrafında müzakirələr təşkil olunub və bina karkaslarının hesablanmasına, layihələndirilməsinə aid seysmik normalardakı bəzi müddəalara ziddiyyətli yanaşmaların aradan qaldırılması üçün əsaslandırılmış təkliflər irəli sürülüb.

 

01-12-2022