AzMİU tələbələrinin “Gəncə ruhunun mədəni ifadələri” adlı təqdimatı beynəlxalq forumda nümayiş olundu [21.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri və tələbələri nüfuzlu Romualdo Del Bianco Fondu və Life Beyond Tourism hərəkatının təşkilatçılığı ilə 15 - 18 noyabr tarixlərində online formada keçirilən “Dünya Florensiyada” adlı forumda iştirak ediblər. Fondun üzvü olan müxtəlif ölkələrin universitetlərinin də iştirak etdiyi forumun keçirilməsində məqsəd Life Beyond Tourism hərəkatının fəaliyyəti haqqında məlumat vermək və “Dünya Florensiyada” adlı sərgini təşkil etmək olub. 
Forumun açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamlama video çarxı nümayiş olunub. Rektor iştirakçılara və Fondun işinə uğurlar arzulayıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün perspektivlərindən danışıb. 
Daha sonra AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Haciyeva və İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov çıxış edərək əməkdaşlıq çərçivəsində görülən işlərdən, nəzərdə tutulan ortaq layihələrdən danışıblar.
Forumda AzMİU-nun Memarlıq fakültəsinin tələbələrindən ibarət işçi qrupunun “Gəncə ruhunun mədəni ifadələri” adlı təqdimatı da nümayiş olunub.
Qeyd edək ki, forum 2-ci ildir ki, uğurla keçirilir.
 

 

21-11-2022