Rektor: “Siz yüz illik inşaat mühəndisliyi təhsili ənənəsi olan fakültənin tələbələrisiniz” [01.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova yüz illik təhsil ənənəsini özündə əks etdirən İnşaat fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşüb. Görüşdə prorektorlar, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyətinin üzvləri və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən fakültənin dekanı Sahib Fərzəliyev I kurs tələbələri ilə keçirilən görüş üçün rektora tələbələr və öz adından təşəkkürünü bildirib. Dekan çıxışında belə görüşlərin əhəmiyyətinə diqqət çəkib və qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır. 

Rektor, professor Gülçöhrə Məmmədova əvvəlcə I kurs tələbələrini univetsitetin tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb.

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq davam edən rektor, professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, şəhidlərimizin canı bahasına qoruduğu müstəqilliyimizi bilik və savadları ilə möhkəmləndirməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir. 

Professor Gülçöhrə Məmmədova daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarixinə nəzər salaraq universitetin 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və bu günə qədər minlərlə mütəxəssis hazırlandığını tələbələrin diqqətinə çatdırıb.
       
Ümumilikdə AzMİU-nun dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrindən, ikili diplom layihələrindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə universitetdə yaradılan şəraitdən danışan rektor tələbələri təhsillə yanaşı, ictimai işlərdə də aktiv olmağa çağırıb.

Sonra AzMİU-nun prorektorları, professor Akif Qasımov və Orxan Naqdiyev çıxış edərək universitetdə tədrisin təşkili və şəfaf imtahan sistemi, nizam-intizam qaydaları və sosial məsələlərlə bağlı detallı məlumat veriblər. 

Sonda tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib. 
 

 

01-11-2022