AzMİU-da "Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli qiymətləndirmə sistemləri" mövzusunda dəyirmi masa keçirilib [31.10.2022]

Azərbaycan Respublikasında Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə nail olmaqdır. Bu məqsədlə layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 3 dəyirmi masa və yerli DTV-də keçirilməsi nəzərdə tutulan 2 dəfə olmaqla 30 dəqiqəlik verilişlərdə bu istiqamətdə bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində universitetin professor-müəllim heyətinin iştirakı ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli qiymətləndirmə sistemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
 
Sonra söz AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədova verilib. O, öz çıxışında ali təhsilin dünya tədsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışdı. Sonra çıxış üçün söz tədbirin əsas mövzusuna uyğun olaraq AzMİU-nun Keyfiyyətə nəzarət mərkəzinin direktor müavini, eyni zamanda “İqtisadi nəzəriyyə və marketinq” kafedrasının dosenti Könül Ağayevaya verilib. 

Könül Ağayeva dünya və avropa təhsil məkanında təhsil müəssisələrində tətbiq edilən innovativ qiymətləndirmə meyarları və metodları, müasir  təhsil texnologiyalarının və İKT-nin tətbiqi ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üsulları kimi məsələlər barədə iştirakçılara ətraflı məlumat verib. Könül Ağayevanın çıxışından sonra dəyirmi masa iştirakçıları arasında mövzu barəsində maraqlı və effektiv fikir mübadiləsi olub. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu 09.08.2002-ci il tarixində Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq, bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında, eləcə də gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbliğ etmək, memarlıq, inşaat sahələri üzrə təhsil, istehsalat və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirməkdir.

 

31-10-2022