İmpakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması ilə bağlı seminar keçirilib [28.10.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında qeydiyyat və həmin bazalara daxil olan dövri elmi nəşrlərdə məqalələrin dərc edilməsi qaydaları haqqında silsilə seminarların keçirilməsinə start verilib. Universitetin Elmi-Tədqiqat şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Memarlıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar iştirak edib. 

Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli seminar iştirakçılarını beynəlxalq xülasələndirmə və indeksləmə bazalarından qeydiyyat qaydaları ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, müasir dövrdə elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması nöqteyi-nəzərindən impakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması, beynəlxalq bazalarda qeydiyyat və həmin bazalara məlumatların yüklənməsi vacib amillərdəndir.
 
AzMİU-nun Elektron kitabxasının müdiri Aytən Rəhmanova isə çıxışında beynəlxalq elmi nəşrlərdə məqalələrin dərc edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, impakt faktorlu jurnallar və bu jurnallarda məqalənin qəbulu ilə bağlı fundamental məsələlərə toxunub. Eyni zamanda universitet müəllimlərinin dünyanın nüfuzlu istinad bazalarında qeydiyyatdan keçməsinin mahiyyəti və faydaları sadalanıb. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
 

 

28-10-2022