AzMİU tələbələri üçün Çin şirkətlərində təcrübə və iş imkanları yaranıb [28.10.2022]

Çin dövlət inşaat mühəndislik korporasiyasının (CSCEC) Şərqi Avropa və Qərbi Asiya üzrə regional nümayəndəsi Ming Xue, Şirkətin Azərbaycan üzrə koordinatoru Elmar Əhmədov və Almaniyanın “TKI Architecture & Consulting UG” şirkətinin rəhbəri memar Türker Köksal Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. Qonaqlar AzMİU-nun prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə universitetin Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova, şöbənin böyük mütəxəssisi Natiq Məhəməliyev də iştirak ediblər.
 
Prorektor Nərgiz Abdullayeva qonaqlara AzMİU haqqında ətraflı məlumat verib. N.Abdullayeva qeyd edib ki, AzMİU Azərbaycanın 100 illik inşaat təhsili ənənəsini formalaşdıran və inkişaf etdirən ali təhsil müəssisəsidir. 

Öz növbəsində Ming Xue də təmsil etdiyi qurumun yaranması, fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, CSCEC dünyanın 500 ən yaxşı şirkətlərinin arasında 9-cu yerdə qərarlaşıb. 

Memar Türker Köksal isə ölkəmizdə ilk dəfə olduğunu, lakin Bakının şəhərsalma layihələri, Sahil zolağı, Ağ Şəhər layihələrini təqdir etdiyini dilə gətirib. Ölkəmizə növbəti səfəri çərçivəsində AzMİU tələbələri və müəllimləri üçün seminar, təcrübi məşğələlərin keçirilməsi ilə bağlı razılığa gəlinib.

Görüşdə CSCEC ilə AzMİU arasında əməkdaşlıq imkanları müzakirə olunub, tələbələrimizin bu qurum tərəfindən ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı, təcrübə keçməsi qərara alınıb.

Görüşdən sonra qonaqlar Memarlıq fakültəsi ilə tanış olublar. 

 

28-10-2022