“WORK4CE”: AzMİU-da xarici tərəfdaşlarla rəqəmsal transformasiya tələblərinə uyğun kadr hazırlığı müzakirə edilib [27.10.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) “WORK4CE” layihəsi çərçivəsində hibrit formatda görüş keçirilib. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev, İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, layihənin kordinatoru Galyna Tabunshchyk, həmçinin layihəyə üzv olan digər xarici və yerli ali təhsil müəssisələrindən təmsilçilər iştirak edib. 
Prorektor Nərgiz Abdullayeva çıxış edərək qonaqları salamlayıb və qeyd edib ki, AzMİU ölkəmizdə beynəlxalq əlaqələrə, beynəlxalq təhsil layihələrinə böyük əhəmiyyət verən və bu layihələr çərçivəsində uğurlu əməkdaşlıqlara imza atan ali təhsil müəssisələrindəndir. AzMİU-nun 2003-cü ildən etibarən Avropa İttifaqının “ERASMUS” layihəsinə qoşulduğunu və çox sayda beynəlxalq proqramda tərəfdaş, layihə rəhbəri, kordinator funksiyalarını icra etdiyini vurğulayan Nərgiz Abdullayeva “WORK4CE” layihəsi ilə bağlı da müsbət gözləntilərin olduğunu deyib. 
Digər çıxış edənlər “WORK4CE” layihəsi çərçivəsində görülən işlərdən, planlardan danışıblar, layihə ilə bağlı təəssüratlarını bölüşüblər. 
Məlumat üçün bildirək ki, “WORK4CE” layihəsi Avropa İttifaqının Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihəyə Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycanın ali təhsil müəssisələri daxildir. 
2023-cü ilin noyabr ayınadək davam edəcək layihənin məqsədi Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanmasıdır. AzMİU-nun bu layihədə iştirakının məqsədi Azərbaycanda şəhərsalma, logistika və idarəetmə üzrə təlim-tədrisin “Sənaye 4.0” tələbatlarına, xüsusilə, aidiyyatı istiqamətdəki qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, peşəkar və ixtisaslaşmış kadrlarla təminatını dəstəkləməkdir.

 

27-10-2022