AzMİU-da “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda maaarifləndirici seminar keçirilib [26.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin Ekologiya ixtisasının II kurs tələbələri üçün maarifləndirici seminar keçirilib.
     Seminarda “Təmiz Şəhər” ASC-in Ətraf mühitin mühafizəsi sektorunun müdiri Səyyaf Rüstəmli və Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadə iştirak edib.
     Strateji Planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərov qonaqları təqdim edib və bildirib ki, AzMİU və “Təmiz Şəhər” ASC arasında əməkdaşlığın nəticəsi olaraq şirkət nümayəndələri tərəfindən mütəmadi olaraq tələbələr üçün maarifləndirici seminarların təşkil edilir. Vasif Əskərov qeyd edib ki, seminarların missiyası Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması istiqamətində birgə fəaliyyəti, şagirdlərə “yaşıl düşüncə”nin aşılanmasını, sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarıqlarına sahib  vətəndaş yetişdirməkdir. 
    Sonra Səyyaf Rüstəmli tərəfindən “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminara başlanılıb. Qonaq bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Həmçinin bərk məişət tullantılarının əmələ gəlmə həcmlərinin azaldılması, təkrar istifadə, çeşidləmə, enerji qənaəti, resurslardan daha səmərəli istifadə haqqında əhatəli məlumat verilib. Şirkətin həyata keçirdiyi “Təmiz Qala”, “Balaxanı Sənaye zavodu”  və digər layihələrdən də tələbələrə məlumat verilərək, bərk məişət tullantılarının idarə edilməsi istiqamətində Balaxanı Sənaye parkının xüsusi rolundan danışılıb. 
      Qeyd edək ki, gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat sahibi olmaları üçün AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlarda universitetin uyğun istiqamətdəki ixtisaslar üzrə təhsil alan tələbələri iştirak edirlər. 

26-10-2022