“Azəristiliktəchizat” ASC ilə AzMİU arasında əməkdaşlıq memorandumu imzalanıb [25.10.2022]

     “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə “Azəristiliktəchizat” ASC-nin sədrinin müşavirləri İlkin Zərbəliyev və Ramil Məhərrəmov, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Basqallı, AzMİU-nun prorektoru, professor Akif Qasımov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, dosent Nurməmməd Məmmədov, Təcrübə və Karyera Mərkəzinin rəhbəri Xanlar Qəniyev və PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev də iştirak edib. 
     AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb və istehsalat müəssisələri ilə universitetlər arasındakı əməkdaşlığın önəminə toxunub. Rektor qeyd edib ki, inkişaf etmiş istehsalat müəssisələri ilə əməkdaşlıq ali təhsil müəssisələrinə bazarın tələblərini öyrənməyə və adekvat kadr hazırlığını həyata keçirməyə təkan verir. AzMİU-nun yerli və beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri haqqında məlumat verən professor Gülçöhrə Məmmədova əlavə edib ki, “Azəristiliktəchizat” ASC-nin istiqamətlərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı prosesində qurumun iştirakı da mümkündür. İstilik təchizatının və bu istiqamətdə xidmətin əhəmiyyətinə, həmçinin bu sahədə səmərəliliyin artırılmasında kadr potensialının roluna diqqət çəkən rektor “Azəristiliktəchizat” ASC ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki qurum, eyni zamanda ölkə üçün faydalı olacağına əminliyini ifadə edib.  
     “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev görüşə görə təşəkkürünü bildirib və qurum haqqında ətraflı məlumat verib. İlham Mirzəliyev bildirib ki, “Azəristiliktəchizat” ASC-nin ölkə üzrə 60-a yaxın filialı, 600-ə yaxın qazanxanası fəaliyyət göstərir. Ümumilikdə 2500 nəfərin çalışdığı qurumda mütəxəssis və rəhbər vəzifələrdə AzMİU-nun məzunlarının olduğunu deyən İlham Mirzəliyev əməkdaşlığın “Azəristiliktəchizat” ASC-nin kadr potensialının daha da gücləndirilməsinə töhfə verəcəyini bildirib. 
     Görüşün sonunda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlığa dair razılaşma imzalanıb. Razılaşmanı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev imzalayıblar. 
     Razılaşmanın məqsədi “Azəristiliktəchizat” ASC ilə AzMİU arasında təhsil-elm-istehsalat zəncirinin qurulması, sənaye, istehsalat və xidmət sahələrinin subyektlərini elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin real sektorun inkişafına tətbiq edilməsi, qarşılıqlı maarifləndirilmə və fəaliyyətinin inkişafına dəstək göstərilməsidir. 
     Razılaşma əsasında təlim-təsərrüfat sahələrində dövlət-özəl sektorların əməkdaşlığı çərçivəsində birgə tədqiqat və təlimlərin təşkil edilməsi, təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək nəzərdə tutulur. Memorandumda AzMİU tələbələrinin “Azəristiliktəchizat” ASC-də istehsalat təcrübələrinin həyata keçirilməsi, onların müəyyən vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb edilməsi, birgə elmi tədqiqat, tələbələrin startaplarının dəstəklənməsi və s. məsələlər də razılaşdırılıb. 

25-10-2022