AzMİU-da şəhid Elsevər Əhədzadənin xatirəsinə həsr olunan şahmat turnirinə start verildi [07.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində Şahmat və Dama Klubunun təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilib. Turnir AzMİU-nun II Qarabağ müharibəsində şəhid olan məzunu Elsevər Əhədzadənin xatirəsinə həsr olunub.
     Əvvəlcə AzMİU rəhbərliyi və şəhidin anası Dilbər Əhədzadə universitetdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan kompleksi ziyarət ediblər və  önünə gül dəstələri qoyublar. 
     Sonra turnirin açılış mərasimi keçirilib. Açılış mərasimində şəhidin anası Dilbər Əhədzadə, AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və tələbələr iştirak ediblər. 
     Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhid Elsevər Əhədzadənin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhidimizin anası Dilbər Əhədzadə, prorektor Orxan Naqdiyev, THİK-in sədri Bayram Aslanov çıxış edərək Elsevərlə bağlı xatirələrini bölüşüblər və tələbələrə tövsiyə ediblər ki, şəhidlərə ehtiramlarını Vətənə, Dövlətə sədaqətləri ilə nümayiş etdirsinlər. 
     Sonra turnirə start verilib. İlk oyun AzMİU-nun İnşaat fakültəsinin və universitetin İnşaat Kollecinin tələbələri arasında keçirilib. Simvolik olaraq oyunda ilk gedişi Dilbər Əhədzadə edib.

07-10-2022