ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri AzMİU-da olublar [06.10.2022]

     Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin nümayəndələri – regional ingilis dili mütəxəssisi Lotti Baker (Lottie Baker), səfirliyin təhsil layihələri üzrə kordinatoru Raminə Mürşüdova və səfirliyin ingilis dili proqramı kordinatoru Səbinə Abdullayeva Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. Qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Əliyev, eləcə də şöbənin əməkdaşları – Natiq Məhəməliyev və Arzu Vəlizadə ilə görüşüb. Görüşdə “English Language Fellow” proqramı çərçivəsində ölkəmizə gələn və hazırda AzMİU-da müəllim işləyən Kayl Radli (Kyle Ridley) də iştirak edib. 
    Görüşdə ABŞ səfirliyi və ABŞ ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əməkdaşlıqların qurulması, eləcə də mövcud əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
     Professor Nərgiz Abdullayeva AzMİU haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, universitetin 6 fakültəsində bakalavr səviyyəsində 27, magistr səviyyəsində 26 ixtisas üzrə 10000-dən çox tələbə, o cümlədən 450-ə yaxın əcnəbi tələbə təhsil alır. AzMİU-da Azərbaycan və rus dilləri ilə yanaşı, 2011-ci ildən etibarən ingilis dilində də tədrisin həyata keçirildiyini diqqətə çatdıran prorektor bu istiqamətdə səfirliklə bir neçə proqram çərçivəsində əməkdaşlıq edildiyini və bu əməkdaşlığın AzMİU rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. 
     Prorektor Nərgiz Abdullayeva “English Language Fellow” və bu kimi digər proqramlarda AzMİU-nun aktiv iştirak etdiyini və proqramların imkanlarından yararlanaraq universitetdə ingilis dili səviyyəsinin daha da yüksəldildiyini vurğulayıb. O, əlavə edib ki, AzMİU-da ingilis dilinin tədrisi üzrə kefiyyətin daha da yüksəldilməsi məqsədilə bu istiqamətdə kefiyyətə nəzarət prosesinə Kayl Radlinin də cəlb olunması planlaşdırılır. 
    Görüşə və ətraflı məlumata görə təşəkkür edən Lotti Baker səfirliyin xətti ilə kordinasiya edilən təhsil proqramları, o cümlədən ingilis dili proqramları haqqında geniş məlumat verib. 
    Müzakirələr zamanı əlaqələrin daha da inkişaf etdirilməsi, yeni əməkdaşlıqlar üçün imkanların nəzərdən keçirilməsi qərara alınıb.

06-10-2022