AzMİU əməkdaşları İspaniyanın Koruna Universitetində tərəfdaş universitet nümayəndələri ilə işgüzar görüşlər keçiriblər [14.07.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları - Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova və şöbənin böyük mütəxəssisi Arzu Vəlizadə Avropa Birliyinin tələbə, professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına yönələn Erasmus+KA1 proqramı çərçivəsində  İspaniyanın Koruna Universitetində olublar. Müxtəlif ölkələrdən olan beynəlxalq əlaqələr üzrə əməkdaşlar üçün təşkil olunan təlim və görüşlərdə iştirak edən AzMİU təmsilçiləri tərəfdaş Koruna Universitetinin maddi-texniki bazası, laboratoriyaları, tədris prosesi ilə yanaşı, universitetin beynəlmiləlləşmə strategiyası, fəaliyyət sahələri və iş prinsipləri ilə tanış olublar. 
     Səfər çərçivəsində proqramda iştirak edən 10-dan çox ölkənin müxtəlif profilli universitetlərinin əməkdaşları ilə əməkdaşlıq görüşləri təşkil olunub və nəticədə AzMİU-nun profilinə uyğun olaraq, Almaniyanın Saarland, Koblenz-Landau, Avstriyanın Joanneum Tətbiqi Elmlər, İtaliyanın Salerno, Milan, Türkiyənin Boğaziçi, Polşanın Karkonosze Tətbiqi Elmlər, Krakov  və  Albaniyanın Tirana universitetləri  ilə əməkdaşlığın qurulması istiqamətində dəyirmi masa arxasında danışıqlar aparılıb. Səmərəli və işgüzar mühitdə keçirilən görüşlərdə Koruna Universitetinin Xarici əlaqələr üzrə prorektoru, Dil mərkəzinin direktoru və xarici əlaqələr şöbəsinin müdiri ilə də danışıqlar aparılıb, Erasmus+KA1 müqaviləsinin yenilənməsi, ikili diplom proqramında təhsil haqqının azaldılması və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi olub. 
 

23-07-2022