AzMİU-nun tələbələri “AzerGold” QSC-nin Çovdar Emal Sahəsinə ekskursiya ediblər [05.07.2022]

                  
         Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə İnşaat fakültəsinin müəllim və tələbələrinin “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Emal Sahəsinə (ÇİRES) səfəri təşkil olunub. Tanıtım-təcrübə səyahətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, ADNSU, AzTU və BDU-nun tələbələri də iştirak ediblər.
        ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədi daşıyan
səfər emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub. Səfər zamanı Cəmiyyətin mütəxəssisləri tərəfindən qonaqları maraqlandıran suallar cavablandırılıb.
        Onu da qeyd edək ki, AzMİU ilə “AzerGold” QSC arasında imzalanmış fəaliyyət planına uyğun olaraq hər tədris ilinin sonunda universitetin heyəti cəmiyyətin müəyyən olunmuş emal sahəsinə ekskursiya edir. Bununla yanaşı, AzerGold-un mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. 

 

07-07-2022