AzMİU-da yaz semestrinin imtahan sessiyası başlayıb [03.06.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına (əyani formada) start verilib. İmtahan sessiyası iyulun 2-də yekunlaşacaq. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən magistratura səviyyəsində  yazılı, test və şifahi, bakalavr səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada keçiriləcək. Bu gün bakalavr səviyyəsində 14 qrupda 316 tələbə yazılı, 51 qrupda isə 1217 tələbə test, magistratura səviyyəsində isə 26 qrupda 182 tələbə yazılı, 7 qrupda 66 tələbə şifahi üsulla imtahan verir. 
     Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan  şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Appelyasiya Komissiyası yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir.
     Test imtahanın nəticələri həmin gün, yazılı imtahanın nəticələri isə ertəsi gün universitetin Elektron Məlumat Sisteminə yerləşdiriləcək.
     İmtahanların gedişi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir.

04-07-2022