Orhun mübadilə proqramı çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri AzMİU-nun tələbələrinə mühazirə oxuyublar [01.05.2022]

     Qırğızıstan-Türkiyə Manas Universitetinin Elektrik və elektronika mühəndisliyi kafedrasının müəllimi professor Özgül Salor-Durna və Kompüter mühəndisliyi kafedrasının müəllimi dosent Gülşat Muhametjanova Türk Universitetlər Birliyinin həyata keçirdiyi Orhun mübadilə proqramı çərçivəsində  bir həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının, İnformasiya texnologiyaları və sistemləri kafedrasının qonağı olublar. 
     Qonaqlar əvvəlcə AzMİU-nun rəhbərliyi ilə görüşüb, sonra müvafiq fakültə dekanları və kafedraların müdirləri, müəllim heyəti ilə görüşlər keçiriblər. Kafedraların əsas elmi istiqamətləri barədə onlara məlumatlar verilib, gələcəkdə hər iki tərəf üçün maraq kəsb edən elmi-tədris layihələri müzakirə olunub.   Professor Ö.Salor-Durna AzMİU-nun müəllimləri üçün Qırğızıstan-Türkiyə Manas Universitetinin təqdimatını, eləcə də TUBİTAK layihələrinin təqdim edilməsi, nəzərə alınmalı olan əsas məqamlarla bağlı faydalı informasiyaları paylaşıb, Mühəndis sistemləri və qurğularının tikintisi ixtisasında təhsil alan tələbələrə mühazirələr oxuyub. Elektrik və elektronika mühəndisliyi ixtisasını açmaq üçün Türkiyənin Qazi Universiteti tərəfindən Qırğızıstan-Türkiyə Manas Universitetinə təyinatla göndərilən professor Ö.Salor-Durna ilə hər üç universitet arasında mümkün əməkdaşlığın istiqamətləri ilə bağlı da müzakirələr aparılıb.                

    Digər qonaq - Gülşat Muhametjanova da MİT fakültəsinin tələbələri üçün “İntelektual sistemlər” mövzusunda mühazirə oxuyub, fakültəninn müəllimləri ilə elmi və akademik sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb. 
    Səfər çərçivəsində qonaqların AMEA-nın İdarəetmə sistemləri İnstitutunda, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində də uğurlu işguzar görüşləri keçirilib. Qonaqlar, təşkil olunan mədəni proqramlar çərçivəsində Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edərək öz dərin hörmət və ehtiramlarını bildiriblər. Mübadilə müəllimləri həmçinin, Akademik Milli Dram teatrı, İncəsənət muzeyi, Xalça müzeyi, İçərişəhər qoruğu və Bakının görməli yerləri ilə tanış olublar. 
 

01-06-2022