Təhsil Tələbə Krediti Fondunun nümayəndələri tələbələrlə görüşüb [27.05.2022]

     Bu gün Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüşüb. Tələbələri məlumatlandırmaq məqsədi ilə təşkil olunan görüşdə də iki qurum arasında əməkdaşlıq məsələlərinin istiqamətləri müzakirə olunub.
     TTKF-in İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir. B.Əzimov Fondun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də bildirib. O qeyd edib ki, büdcəsi 80 milyon manat təşkil edən Fond tələbələr üçün sosial və standart kreditlər verir. Yaz sessiyası üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul olunur. Fond rəsmisi vurğulayıb ki, artıq 2021-2022 tədris ilinin payız semestrində fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər olunub və tələbələr kredit əldə edib. Hazırda yaz semestri üçün 5mindən artıq müraciətin olunduğunu, 3 min müraciətin rəsmiləşdiyini diqqətə çatdırıb.  
     Fondun əməkdaşı Günay Baxışova Fonda slaydlar vasitəsi ilə müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Məlum olub ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə verilir, akademik borcu olanlar bundan yararlana bilmir. Azərbaycan vətəndaşlarına verilən tələbə kreditləri sığortalanır, banklar vasitəsilə manatla verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə bilər. Bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər. 
     AzMİU-nun Tədris şöbəsinin müdiri Səlmi Əliyeva çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. O, bu semestrdə 120 tələbədən hələlik 70-ə yaxın tələbənin müraciətinin rəsmiləşdiyini diqqətə çatdırıb. 
     Geniş təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

           

27-05-2022