AzMİU-da 28 May Müstəqillik Günü qeyd olunub [26.05.2022]

               
           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May Müstəqillik Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib. Əcnəbi dillər kafedrasının və Elektron kitabxananın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri, Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova, İtaliya və Böyük Britaniyadan qonaqlar iştirak edib.
           Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri aparıcılar Memarlıq fakültəsinin tələbələri Miraytac Həsənova və Əvəz Cəfərov giriş nitqi ilə açıb, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik ediblər. Aparıcılar 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu vurğulayıblar. Bildiriblər ki, 23 ay mövcud olmasına baxmayaraq, məhz AXC dönəmində ilk dəfə Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququ verilib, parlament, 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universiteti təsis olunub, Azərbaycan dilinə dövlət dili statusu verilib, 1918-ci il iyunun 26-da ilk Milli Ordu hissəsi - əlahiddə diviziya yaradılıb.
           Aparıcıların geniş təqdimatından sonra AXC-nin yaranma tarixinə həsr olunmuş video-çarx nümayiş olunub. Tədbir universitetin tələbələrinin hazırladığı maraqlı kompozisiyalarla davam edib. Universitetin “Ritm” rəqs qrupunun “Odlar yurdu” rəqsi ilə başlayan mərasimdə “Cavid ömrü”, “Axırıncı aşırım”, “Uzaq sahillərdə” filmlərindən səhnəciklər təqddim olunub. Səhnəciklərdə rol alan Nigar Hüseynova, Cavid Əzizov, Tellixanım Əliyeva, Nihat Quliyev, Fərid Hüseynzadə, Şamxal Padarov, Həsənəli Məmmədov, Nəcəf Əhmədov, Rəhim Babayev, Əli Hudulov, Kamran Şirinov və başqaları məharətli ifalar nümayiş etdirib. Tarda Elturan Məmmədovun, kamançada Hüseyn Vəliyevin, nağarada Samir Məmmədovun, sintezatorda Tural Ağamalıyevin, sazda Arif Qurbanovun  müşayiəti ilə ifa olunan “Çırpınırdı Qara dəniz”, “Heyratı” zərb muğamı, “Ay Laçın”, “Yaşa Azərbaycan”, “Qarabağ” mahnıları, Abbasın ifasında “Xudayar” təsnifi və “Ruhani” aşıq havası tədbir iştirakçılarının  sürəkli alqışları ilə qarşılanıb. İnşaat fakültəsinin  tələbəsi İbrahim Nəzərli Məmməd Arazın “Qalx ayağa, Azərbaycan!”, Səbinə İsmayılzadə Abbas Səhhətin “Könlümün sevgili-məhbubu mənim”, Vüsal Fərzəliyev Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeirlərini səsləndiriblər. Aytən Hüseynzadə, Fidan Əkbərova, Darya Fedorenko, Fəzilə Hacıbalayeva, Dilarə İsmayılova, Əsmər Cəfərlinin ingilis, rus, fransız və yapon dillərində səsləndirdikləri Vətənə həsr olunmuş şeirlər də maraqla qarşılanıb. Tədbirin sonunda Səbuhi Qasımovun ifasında səslənən “Azərbaycan” mahnısı isə zalı coşdurub, bütün iştirakçılar bir araya gəlib, üçrəngli bayraqlar səhnədə dalğalanıb.  
 

01-06-2022