AzMİU tələbələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər [23.05.2022]

     Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası uğurla davam edir. 
     21 may 2022-ci il tarixdə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimlərindən ibarət 30 nəfərlik nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan  səfər zamanı AzMİU-nun professorları Zahidə Məmmədova, Səbinə Hacıyeva və Yeganə Hacıyeva tələbələri Şuşa şəhərinin işğala qədərki vəziyyəti barədə məlumatlandırıblar. Şəhərin memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi memarlıq abidələri, 30 ilə yaxın davam edən işğal ərzində məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılmış yenidənqurma və abadlıq-quruculuq   işlərindən danışıblar, Şuşa şəhərinin yeni baş planı barədə ətraflı məlumat veriblər. Səfər zamanı tələbələr Şuşada yerləşən tarixi məhəllələr, məscidlər, bulaqlar, xan qızı Natəvanın, Mehmandarovların evi, “Realnıy məktəb”, Bülbülün ev muzeyi, Gəncə qapısı ilə tanış olublar, Cıdır düzündə foto və videolar çəkiblər. 
     Layihənin son mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatlar, digər iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaq. 
     Məlumat üçün qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir. 


 

31-05-2022