Qazaxıstanın Atırau Universitetinin Baş müəllimi AzMİU-da mühazirə oxuyub [11.05.2022]

     Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin baş müəllimi Dinara Axmurzina Orhun mübadilə proqramı çərçivəsində iki həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasında tədris və elmi-tədqiqat sahəsində aparılan işlər üzrə təcrübə mübadiləsi keçib.  Kafedranın müdiri,  professor Məhəbbət Məmmədov və kafedra əməkdaşları D.Axmurzinaya menecment və biznesin iqtisadiyyatı və idarə edilməsi ixtisasları üzrə təhsilin bakalavr və magistr səviyyəsində dövlət standartları və tədris planlarına uyğun mütəxəssis hazırlığı   istiqamətində universitetdə aparılan işlər barədə ətraflı məlumat verib. Eyni zamanda qonaq kafedranın müəssisə və təşkilatlarla təhsil-elm-istehsalat, innovasiya sahəsində həyata keçirdiyi tədbirlər, bağlanmış müqavilələr və onların icrası ilə bağlı da məlumatlandırılıb. 
Təcrübə mübadiləsi  müddətində D.Axmurzina  kafedranın dosentləri  Elşad Yusifov, Fidan Məmmədova, Ələsgər Əliyev və Aytən Abasovanın mühazirə və məşğələ dərslərində iştirak edib. O, video rolik vasitəsilə Atrau universiteti haqqında  tələbələrə məlumat verib və  universitetlərarası əməkdaşlıq perspektivlərindən danışıb. 
     Bakıda olduğu müddətdə kafedra əməkdaşları qazaxıstanlı həmkarlarını paytaxtın tarixi  abidələri,  Bakı bulvarı, Qənimətlər parkı, İçərişəhər, Qız qalası, Xalça muzeyi, Bakı  milli  zooparkı, Şirvanşahlar sarayı ilə tanış ediblər. 


 

12-05-2022