Tələbələrimiz “Təmiz Şəhər” ASC-nin Sənaye Parkına ekskursiya ediblər [11.05.2022]

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbələri Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin Balaxanı Sənaye Parkı və Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ekskursiya ediblər. Cəmiyyətlə AzMİU arasında imzalanmış fəaliyyət planına əsasən, ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr dərslərdə əldə etdikləri nəzəri biliklərin müəssisənin Sənaye Parkında tətbiqini əyani şəkildə izləyiblər. 
“Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev tələbələri salamlayıb. Çeşidləmə zavodunun direktoru Eldar Hüseynov tələbələri iş otağından monitor vasitəsilə orada gedən proseslərlə tanış edib, vacib məlumatları çatdırıb. 
     Tələbələr sənaye parkının rezidentləri olan Metak, ÇAPAR, AzEkol və Ekokat təkrar emal zavodlarına da baş çəkiblər. Burada tələbələr tullantıların bütün mərhələlər üzrə idarə olunması prosessini izləyiblər, hər bir müəssisənin cavabdeh şəxsi zavod, onun fəaliyyəti, iş prinsipi və orada gedən proseslər barədə gələcəyin ekoloq mühəndislərinə ətraflı bilgilər veriblər. Balaxanı Sənaye Parkı və Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ilk dəfə səfər edən tələbələr onları maraqlandıran sualları mütəxəssislərə ünvanlayıblar. 


 

12-05-2022