20 Yanvar - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi! AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi  anılıb     

                     
            Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU  torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 yanvar faciəsində, torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  
            AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 32 il bundan əvvəl,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. 
            Rektor onu da vurğulayıb ki, artıq 2 ildir xalqımız 20 Yanvar hadisələ-rinin ildönümünü böyük Qələbəmizin  sevinci, qüruru ilə qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. “Artıq Şəhidlər Xiyabanında uyuyan 20 yanvar qurbanlarının, eləcə də 1-ci Qarabağ savaşında həlak olan yüzlərlə qəhrəman oğullarımızın qanı yerdə qalmadı, onların qisası yağı düşməndən alındı. Artıq şəhidlərimizin ruhu şaddır, canlarından keçdikləri Vətən torpaqları düşmən tapdağından azad olunub, Ali baş komandan İlham Əliyevin siyasi iradəsi, şanlı Ordumuzun, əsgərlərimizin şücaəti sayəsində Azərbycanın bütövlüyü bərpa olunub, Qarabağımızda, eləcə də digər işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır”. 
            G.Məmmədova 20 yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları da yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib. 

            Rektorun çıxışından sonra söz alan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova Azərbaycan tarixinin ən şərəfli və həm də ən kədərli səhifələrindən olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb.  O qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, itkilərimiz oldu. Z.Məmmədova çıxışında həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan xalqına qarşı həyata keçirilən imperiya siyasətinə öz etiraz səsini qaldırdığını yada salıb, 20 Yanvar faciəsinə siyasi qiymət verdiyini xatırladıb. “Azərbaycan rəhbərliyinə qayıdışdan sonra isə Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verildi”.  
           Tələbələrdən Əmrah və Aydan yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini paylaşıblar, Bakının ən möh¬tə¬şəm məkanında Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla-rımızın uyuduğu Şəhidlər Xiyaybanının xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini vurğulayıblar. Bildiriblər ki, şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müs¬tə¬qil-liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
          Mərasimdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyublar.    
          
             


 

27-01-2022