Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin nümayəndə heyəti AzMİU-nun qonağı olub

     Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin sədri, Çevrə Şəhərcilik və İqlim Dəyişikliyi nazirinin yardımçısı Mücahit Dəmirtaşın rəhbərlik etdiyi geniş nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Universitet rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə tədbirlər, seminar və konfranslar, təcrübə proqramları və layihələrin həyata keçirilməsi müzakirə olunub.
     AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, COVİD-19 pandemiyası səbəbindən uzun müddətdir ki, görmədiyi qonaqları yenidən universitetdə qarşılamaqdan məmnun olduğunu söyləyib.  Rektor nümayəndə heyətinə rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti, beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə əməkdaşlığı  haqqında geniş məlumat verib. G.Məmmədova Azərbaycanın tarixində yaşanan əlamətdar hadisə - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük müharibə haqqında da danışaraq böyük qələbənin qazanılmasında ölkə başçısı İlham Əliyev başda olmaqla qalib Ordumuzun, qəhrəman oğullarımızın, eyni zamanda qardaş Türkiyənin rolu olduğunu xüsusi vurğulayıb. Türk Dünyası Memarlar və Mühəndislər Birliyi ilə bu günə qədər həyata keçirilən birgə tədbirlərin, layihələrin Universitet üçün önəmindən danışan rektor tələbə və müəllimlərimizin birliyin dəstəyi ilə Türkiyənin nüfuzlu qurumlarında iştirak etdiyi təcrübə proqramlarının yenidən bərpa olunması istəyini qonaqların diqqətinə çatdırıb.  
     Nümayəndə heyətinin rəhbəri Mücahit Dəmirtaş qəbul üçün təşəkkür edərək AzMİU ilə sıx dostluq və işgüzar əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib, səfərlərinin məqsədi haqqında danışıb. Birliyin bu günə qədər gördüyü işləri əks etdirən videorolikin nümayişindən sonra qurumun baş katibi İlyas Dəmirçi birliyin Azərbaycandakı təmsilçisi kimi AzMİU ilə əməkdaşlığın pandemiyadan sonrakı dönəmdə yenidən inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçiriləcəyini bildirib. Dostluq şəraitində keçirilən görüşdə Baş katib Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin növbəti qurultayının Azərbaycanda keçirilməsini təklif edib. 
 

24-01-2022