AzMİU-nun əməkdaşları “İTACA” Erasmus+ KA2 layihəsi çərçivəsində Romada keçirilən görüşlərdə iştirak ediblər

          Avropa Birliyinin Erasmus + KA2 İTACA - “Azərbaycanda Ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi” qrant layihəsi çərçivəsində İtaliyanın Sapienza Universitetində layihə tərəfdaşlarının idarə heyətinin araılıq görüşü keçirilib. Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Ekologiya kafedrasının baş müəllimləri Sevda Qasımova və Su təchizatının problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının müdiri Seynurə Həsənova təmsil edib.  
         Görüşün təşkil olunmasında məqsəd layihədə iştirak edəcək müəllimlərin seçimi, tələbələrin seçim meyarları, kursların akkreditasiyası, keyfiyyət, iş paketlərinin son vəziyyəti, layihənin təşviqi, qarşıdan gələn fəaliyyətlərin müzakirəsi və planlaşdırılması (növbəti görüşlər, ikitərəfli sazişlər, layihə kitabçası və. s.) məsələlərinin müzakirəsi olub. Görüş zamanı Fərhad Əliyev layihə çərçivəsində AzMİU-nun gördüyü işlər barəsində hesabat təqdimatı ilə çıxış edib. 
          3 il üçün nəzərdə tutulan layihənin icrası müddətində universitet və sənaye sahələri arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün Avropa İttifaqının və yerli qurumların, eləcə də ətraf mühitə təsir edən neft və qaz istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin iştirak edəcəyi İTM-də müxtəlif ekoloji problemlərin həllinə yönəlmiş tədqiqat işləri və təlimlər təşkil olunacaq. Mərkəzdə, həmçinin Avropa İttifaqının tərəfdaş universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası öyrənildikdən sonra yerli tərəfdaş universitetlərdə tətbiqi nəzərdə tutulub.


 

04-12-2021