AzMİU və İTU-nun diplomlarını almaq şansını qazanan tələbələrimiz

             Tədrisin keyfiyyətinin artırılması, onun beynəlxalq standartlara, xüsusən Qərb standartlarına uyğunlaşdırılması istiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq AzMİU tələbələrinin həm bakalavr, həm də magistr səviyyəsində Türkiyənin, eləcə də Avropanın nüfuzlu universitetlərinin ikili diplom proqramlarında,  mübadilə proqramlarında iştirak etməsi arzusu reallığa çevrilib.

            Məlum olduğu kimi, 2018- ci ildə Azərbaycan Memarlıq  və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu İstanbul Texnik Universiteti (İTU) arasında ikili diplomların verilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən,  hər iki ali məktəbin bakalavriat səviyyəsinə İnşaat fakültəsinə inşaat mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararalanır. Belə ki, I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alıb, tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzMİU və İTU-nun diplomları təqdim olunur. Təbii ki, iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək gənclərə gələcəkdə karyera qurmaq yolunda böyük stimul verir. Gələcək məzunların əmək bazarına asanlıqla inteqrasiyası üçün bu, böyük şansdır. 

          Artıq 3-cü ildir ki, məlum müqavilə əsasında AzMİU-da qəbul həyata keçirilir, hər il  inşaat müəhdisliyi ixtisasını seçən 20 gənc (Azərbaycandan) bu proqram üzrə Universitetə qəbul olunur. 2019-2020-ci ildə Türkiyə Respublikasından tələbələr qəbul olmasa da, 2020-2021-ci ildə 5, yeni tədris ilində isə 2 türk abituriyent ikili diplom proqramı üzrə AzMİU-ya daxil olub. Ötən tədris ilində COVİD-19 pandemiyası səbəbindən 2-ci kursu bitirən tələbələrimiz təhsillərini davam etdirmək üçün Türkiyəyə gedə bilməyiblər. Hazırda bu problemin çözülməsi istiqamətində danışıqlar gedir. Pandemiya səbəbindən proqram üzrə qəbul olan Türkiyə vətəndaşları da Azərbaycana gələ bilmədikləri üçün dərslərə onlayn qoşulublar. Karantin qaydalarında nisbətən yumşalmalardan sonra ölkə xaricinə gediş-gəliş asanlaşdırıldığı üçün yeni tədris ilindən proqram üzrə AzMİU-ya qəbul olan türk tələbələr artıq Universitetdə ənənəvi dərslərə başlayıblar.

          Bu il İnşaat fakültəsində birinci kursa daxil olan tələbələrdən Leyla Acalova deyir ki, inşaat mühəndisliyi ixtisasına olan maraq onu AzMİU-ya gətirib. Belə ki, Leyla hələ uşaq yaşlarından başqa qızlar kimi gəlinciklər, müxtəlif bərbəzək əşyaları deyil, dah çox konstruksiyalarla maraqlanırmış. Orta məktəb illərində də doğmaları onun inşaata olan böyük marağını hiss etdikləri üçün istəyinə qarşı çıxmayıblar. Çoxlarının “qız işi deyil” deyib yan keçdiyi inşaatçı peşəsini seçən Leylaya dəstək olublar. İxtisas seçimləri zamanı AzMİU-nun inşaat mühəndisliyi ixtisasında hətta ikili diplom almaq, təhsilini Türkiyədə, İTU-da davam etdirmək şansının olması xəbəri isə onu daha da həvəsləndirib. İngilis dilini yaxşı bildiyi üçün ixtisas seçimi edərkən birinci AzMİU-nun adını yazıb.

         Elturan Məmmədov da şanslı gənclərdəndir, o da ikili diplom proqramında 2 il İTU-da oxumaq imkanı qazanıb. 401 balla AzMİU-nun İnşaat fakültəsinə daxil olan Elturan  belə bir şansın olması barədə ixtisas seçimi edərkən məlumat alıb. “İxtisas seçimi zamanı universitetlər arasında seçim edərkən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında AzMİU-nun öz tələbələrinə belə bir imkan yaratması xəbəri məni çox sevindirdi, birinci bu universiteti və bu ixtisası yazdım” deyir Elturan.  İTU-da oxuyacağına çox sevinir, təkcə Türkiyənin deyil, dünyanın nüfuzlu universitetlərindən sayılan İTU-nun da tələbəsi olmaq şansını ona qazandıran doğma universitetinə çox minnətdardır.   

        Türkiyəli tələbələr də AzMİU-nu seçdiklərinə, bu proqramla 2 il Bakıda oxuyacaqlarına peşman deyillər. Universitetdə müəllimlərin, tələbə yoldaşlarının mehribanlığından, istiqanlılığından çox razı qalan Emir Eminoğlu “özünü evindəki kimi” hiss etdiyini deyir. İstanbullu gənc ümumilikdə azərbaycanlıların çox qonaqpərvər olmasından, onlara hər cür yardım və dəstək göstərmələrindən ağızdolusu danışır. Dərslərə gəldikdə isə müəyyən çətiniklərin olduğunu gizlətmir. “Dərslər çox çətindir, hələki tam uyğunlaşa bilmirik, amma zamanla həll olunacaq”.  

        Eyni proqramla təhsil alan digər Türkiyə vətəndaşı Semih Çimen də həmyerlisinin dediklərini təsdiqləyir. O da əmindir ki, tezliklə bu çətinlikləri dəf edəcəklər, dərslərin çətinliyi onun da gözünü qorxutmur. Semih müəllimlərinin, eləcə də tələbə yoldaşlarının dəstəyi sayəsində problemlərin həll olunacağına inanır.

  

21-10-2021