AzMİU-nun rektoru qazi tələbələrlə görüşüb

        

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova 44 günlük Vətən müharbəsinin iştirakçısı olan qazi tələbələrlə görüşüb. Görüşdə Tədris işləri üzrə prorektor Akif Qasımov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da iştirak edib.

          Rektor Gülçöhrə Məmmədova Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, həmçinin Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsinin, şanlı Qələbəmizin ildönümü münasibəti ilə qazi tələbələrimizi təbrik edib, onlarla görüşdən çox məmnun olduğunu dilə gətirib. Bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğulayıb. Vətənin azadlığı uğrunda döyüşən hər bir qəhrəman oğlumuzla fəxr etdiyimizi deyən rektor həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O, müharibənin keçdiyi ərazilərin mürəkkəb və çətin relyef şəraitinə məxsus olmasına baxmayaraq, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin cəsarəti və rəşadəti hesabına bu gün Azərbaycan bayrağının işğaldan az olunmuş torpaqlarda dalğalandığını qaürurla vurğulayıb.

          Görüşdə iştirak edən qazi tələbələr Orxan Məmmədzadə (Nəqliyyat fakültəsi), Samid İbadzadə (İnşaat texnologiya fakültəsi) və Fariz Əzizov (İnşaat fakültəsi) Vətən müharibəsi günlərində keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıb, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət diləyib, sağlamlığını itirən qazilərə şəfa arzulayıblar.

          Rektor qazi tələbələrin vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib, onlara hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, kəsiri olan müharibə iştirakçısı tələbələr üçün alt dərslər pulsuz olacaq, qazilərin və əskərlərin hər birinin qayğıları həmişə olduğu kimi rektorluğun nəzər və diqqətindədir.   

          Görüşün sonunda xatirə şəkli çəkilib.

19-10-2021