AzMİU-da Vətən müharibəsi qaziləri olan tələbələrimizlə görüş keçirilib

           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçıları olan qazilərin tələbələrlə görüşü keçirilib. Görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

           Giriş nitqi ilə tədbiri açan AzMİU THİK-in sədri Bayram Aslanov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd tələbələrin qazilərimizi daha yaxından tanıması, eyni zamanda qazilərimizə onların daima qəlbimizdə olduğunu göstərməkdir. B.Aslanov vurğulayıb ki, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi universitetdə həmişə hörmət və ehtiramla anılıb. Universitet rəhbərliyi mütəmadi olaraq  şəhidlərimizi, qazilərimizi yad edib, tarixi zəfərimizin qazanılmasında onların göstərdikləri şücaət və fədakarlıq yad edilib. O, Vətən müharibəsi zamanı AzMİU tələbələrinin döyüşən əsgərlərimizə, eləcə də hospitalda müalicə olunan cəsur oğullarımıza dəfələrlə sovqatlar  apardığını qeyd edib.

           Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri də tədbirdə çıxış edib, keçdikləri döyüş yolu və müharibə dövründə gördükləri, yaşadıqları hadisələri gənclərlə bölüşüblər. Nəqliyyat fakültəsinin qazi tələbəsi Orxan Məmmədzadə qeyd edib ki, döyüşlərdə sağlamlığını itirsə də, vətənin müdafiəsi uğrunda döyüşməyə hər zaman hazırdır. İnşaat fakültəsinin tələbəsi Fariz Əzizov deyib ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi. Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. İnşaat texnologiya fakültəsinin qazi tələbəsi  Samid İbadzadə isə vurğulayıb ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər.

           Sonda tələbələr çıxış edərək qazilərə təşəkkür edib, onların keçdikləri şərəfli yolu özləri üçün örnək, məktəb seçdiklərini vurğulayıblar.

                  

 

16-10-2021