ADA və AzMİU-nun müəllim-tələbə heyəti "AzerGold"un hasilat və istehsalat fəaliyyəti ilə tanış olublar

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ADA Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.

Səhmdar Cəmiyyətin ali məktəblərlə təsdiq olunmuş fəaliyyət planlarına uyğun olaraq baş tutan səfər "AzerGold"un hasilat və istehsalat fəaliyyəti ilə əyani tanışlıq məqsədi daşıyır.

Əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, daha sonra onların filiz emalı sahəsinə ekskursiyası təşkil edilib. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “AzerGold” QSC ilə 8 noyabr 2017-ci il tarixində AzMİU, 3 aprel 2018-ci il tarixində isə ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədlərdə qarşılıqlı razılıq əsasında hasilat və emal sahələrində proseslərinin davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyətin ixtisaslı kadrlara təlabatının ödənilməsi, işçi heyətin ali təhsil müəssisələrində ixtisasartırma kurslarına cəlb edilməsi, habelə istehsalat prosesinin daha da səmərəli təşkili üçün elmi-təqdiqat işlərinin icrası nəzərdə tutulur.

16-10-2021