AzMİU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,  professor Gülçöhrə Məmmədova bu il yüksək balla universitetə daxil olan 1-ci kurs tələbələri ilə görüşüb. Görüşdə Universitetin rektorluğu, bütün fakültələrin dekanları, ictimai təşkilatların nümayəndələri iştirak edib.

        Təbriklərlə çıxışına başlayan rektor tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, dəyərli məsləhətlər verib. Bu gündən etibarən ənənəvi formada tədrisə start verildiyini bildirib, pandemiya şəraitinə uyğun olaraq universitetdə yaradılan qaydalar haqqında ətraflı məlumat verib. Daha sonra universitetin imkanlarından, təhsilin səviyyəsindən danışıb, tələbə-müəllim münasibətlərinə toxunub, AzMİU-da tərbiyə, təlim məsələlərinin xüsulilə önə çəkildiyini bildirib. Görüşdə universitetin beynəlxalq əlaqələri tələbələrin diqqətinə çatdırılıb, Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramları barədə geniş məlumat verilib. G.Məmmədova gənc nəslin təlim-tərbiyyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin bu gün təhsil ocaqları içərisində seçildiyini söyləyib, gənclərə AzMİU-nu seçdikləri üçün peşman olmayacaqlarını vurğulayıb.

      Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov da birinci kursa daxil olan tələbələri təbrik edib, onlara savadlı, bacarıqlı kadr kimi yetişmək üçün universitetin yaratdığı  bütün imkanlardan faydalanmağı arzulayıb. O, hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində, universitetdə də təhlükəsiz və sağlam təhsil üçün mühüm işlərin görüldüyünü deyib.

           Görüşün sonunda rektor və dekanlar yüksək bal yığan tələbələrə tələbə biletlərini təqdim ediblər.                

          Məlumat üçün qeyd edək ki, 2021-2022-ci tədris ilində AzMİU-ya  1624 tələbə qəbul olunub ki, bunların 898-i dövlət sifarişli yerlərdə, 726-sı isə ödənişli əsaslarla təhsil alacaqlar.

 

 

16-10-2021