Əcnəbi tələbələr AzMİU-nun professorunun rəhbərliyi altında Qaxda monastr  kompleksi üzərində elmi araşdırmalar aparır

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəal əməkdaşlıq etdiyi Milan Politexnik Universitetində hazırda təhsil alan 3 xarici tələbə (1 tələbə Rusiyadan, ikisi isə Türkiyədən) son  tədris ili ərzində Azərbaycanın  Qax rayonunda yerləşən  Yeddi kilsə monastr  kompleksinin tədqiqi və qorunmasına həsr edilmiş elmi araşdırmalar üzərində çalışırlar. AzMİU ilə Milan Politexnik Universiteti arasındakı Erazmus +KA 107 əməkdaşlığı çərçivəsində gerçəkləşən bu layihədə çalışan tələbələrə hər iki tərəfdən alimlər rəhbərlik edir. Əcnəbi tələbələrin Milan Politexnik Universiteti tərəfindən elmi məsləhətçisi professor Nora Lombardini, AzMİU-dan isə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyevadır. Tədris ilinin əvvəlində tələbələrə fotolar, cizgilər verilib, abidə haqqında lazımı məlumatlar təqdim olunub, il ərzində bir neçə görüş keçirilib.

          Bu gün hər iki tərəfi niştirakı ilə onlayn formatda növbəti görüş keçirilib, tədqiqat zamanı tələbələrin rastlaşdığı sualar cavablandırılıb, abidənin qorunmasına dair təkliflər müzakirə olunub.  Onu da qeyd edək ki, layihənin son versiyası hazır olandan sonra öncə Milan Politexnik Universitetində, sonra isə AzMİU-da geniş içtimayyətə təqdim olunacaq.

 

16-10-2021