Xocalı faciəsi qurbanlarının xatirəsi bütün fakültələrdə anılıb

     

          Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub, faciənin qurbanlarının xatirəsi anılıb, ruhlarına dualar oxunub. Universitetin İnşaat- texnologiya fakültəsində o dəhşətli günləri, xocalıların başına gətirilən müsibətləri əks etdirən kompozisiya təqdim olunub,  tələbələr Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

          Tədbirdə 26 fevral 1992-ci ildə Xocalıda erməni quldurlarının Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə törətdiyi vəhşiliklərini nümayiş etdirən videoçarx da göstərilib. Fakültənin dekanı Tahirə Haqverdiyeva gəncləri xalqımızın tarixində iz qoyan belə günləri unutmamağa, düşmənə qarşı barışmazlıq hissi ilə yaşamağa, Vətənə, doğma torpağa sədaqət və məhəbbətlə xidmət etməyə çağırıb.

           İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov fakültədə keçirilən anım tədbirində erməni qəsbkarlarının əsrlər boyu xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllərindən, sərsəm torpaq iddialarından, nəinki Xocalıda, Qarabağda, tarixi torpaqlarımızda törətdikləri qırğınlardan danışıb. Dekan qeyd edib ki, Xocalı qurbanlarının xatirəsini yad etmək, onları anmaq bizim müqəddəs borcumuzdur. “Böyüməkdə olan nəsil XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumatlı olmalıdır, düşmənini, onun xəbis xislətini, xalqımıza qarşı zaman-zaman törətdiyi cinayətləri yaxşı bilməlidir”. O, gənclərə yaxın keçmişimizin qanlı yaddaşında iz qoyan faciələri unutmamağı, taleyüklü məsələlərdə həssas, vətənpərvər olmağı tövsiyə edib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi anılıb, tələbələrin ifasında şeirlər, musiqilər səsləndirilib.

         Əcnəbi vətəndaşların hazırlığı fakültəsində də Xocalı qurbanlarının xatirəsi anılıb, tələbələr fakültədə hazırlanmış guşədə sərgilənən fotolar, kitablarla tanış olublar.

26-02-2020