“Xocalı – yaram mənim” adlı tədbir keçirilib

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Xocalı - yaram mənim” adlı tədbir keçirilib. Tədbirdə Xocalı faciəsinin canlı şahidi Xəlil Vəliyev, Qarabağ qazisi Kamil Musəvi, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı regional dairəsinin dərnək üzvləri və digər qonaqlar iştirak edib.

         Tədbiri açıq elan edən universitetin TGT sədri Ülkər Həsənova Xocalı faciəsinin tariximizin qanlı səhifəsi olduğunu, bu dəhşətli faciənin yaddaşımızdan silinməyəcəyini qeyd edib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan Ü.Həsənova belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.    

         Qarabağ qazisi Kamil Musəvi çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər kimi ayıq-sayıq olmağa səsləyib.

          Tədbirdə iştirak edən Xocalı faciəsinin  canlı şahidi Xəlil Vəliyev o məşum gecədə gördüyü dəhşətlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, 300 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər, Azərbaycan Yazıçılar Birliyi Qubadlı regional dairəsinin dərnək üzvləri Xocalı faciəsi ilə bağlı səhnəcik nümayiş etdiriblər.

          Sonda Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin tələbə və tələbələrlə iş sektoru üzrə müdiri Elşən Hüseynovun birgə ərsəgə gətirdiyi “Yara” filmi nümayiş olunub.

 

26-02-2020