AzMİU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

     Fevralın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin ən böyük fakültələrindən sayılan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemlərinin (ST və MKS) təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin akt zalının qarşısında açılmış “Xocalı tələbələrin gözü ilə” adlı sərgi ilə tanış olublar.

     Tədbirdə əvvəlcə Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi giriş sözü ilə açan ST və MKS fakültəsinin dekan müavini Mansur Zərbəliyev Xocalı soyqırımının bəşər tarixində ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

     Soyqırıma siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini deyən Mansur Zərbəliyev Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini, filmlər çəkildiyini vurğulayıb.

     Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov 28 il bundan əvvəl  Xocalıda baş verən faciədən söhbət açıb, Xocalı sakinlərinin xüsusi qəddarlıqla qətlə yetirildiyini xatırladıb. Bayram Aslanov geniş və əhatəli çıxışında tələbə gənclərimizi ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bu faciəni unutmamağa, onu bütün dünya ictimaiyyətinə çatdırmağa səsləyib.

     Tədbirdə fakültənin tələbə gənclərindən İmamyar Həsənov, Pəri Allahverdiyeva, Zakir Hasan, Əli Rzayev,  Kənan İbrahimov və Rəna xanımın  ifasında Xocalı ilə bağlı şeirlər və mahnılar səsləndirilib.

     Sonda tələbələrin ifasında “Azərbaycanın Dövlət Himni” oxundu.  

24-02-2020