Rüstəm Muradov: “AzMİU-da aldığım biliklər mənə Türkiyənin ən güclü Universitetində yüksək nəticələr qazanmağa kömək etdi”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU) ilə ikitərəfli əməmkdaşlıq müqaviləsi çərçivəsində payız semestrində sözügedən təhsil müəssisəsində oxumaq şansı qazanan Memarlıq fakültəsinin 117 i qrupunun 3-cü kurs tələbəsi Rüstəm Muradov artıq Bakıya qayıdıb. Rüstəm bir semestr ərzində ODTU-da aldığı təəssüratlarını bizimlə bölüşüb:6

  • Tələbə mübadilə proqramında iştirak etmək mənim çoxdanki arzum idi. Bu qərarımın əsas səbəbi memarlıq təhsili üzrə əldə etdiyim təcrübəmi digər memarlıq məktəbləri ilə bölüşmək və onların nailiyyətlərini mənimsəmək idi. Ona görə Türkiyənin texniki sahələr üzrə yüksək səviyyəli mühəndislər hazırlayan ən aparıcı və nüfuzlu ali məktəblərindən olan Orta Doğu Texniki Universitetini seçdim. ODTU universitetlərin sıralanmasına görə İngiltərə Ali Təhsil Mərkəzinin (THE) tərtib etdiyi reytinq cədvəlində 2014-2015-ci illərdən etibarən dünya üzrə ən yaxşı ilk 100 universitetlərin sırasına daxil olan yeganə türk universitetdir. Bu universitetin tələbələri ABŞ-ın Silikon Vadisində yerləşən və bütün dünyada fəaliyyət göstərən ən məşhur şirkətlərində təcrübə keçmək imkanına malikdirlər. Bununla yanaşı, onlar tələbə mübadiləsi proqramı ilə dünyanın aparıcı universitetlərində təhsil almaq fürsəti əldə edirlər.
  • ODTU-da müəllimlərin tədris metodikası necədir, mühazirələrdə daha çox nələrə üstünlük verirlər? Ümumiyyətlə, Türkiyə Universitetində təhsil bizim təhsil sistemindən hansı cəhətləri ilə fərqlənir?
  • ODTU-də tələbələr müxtəlif müəllimlərin mühazirələrində iştirak etdikdən sonra fənləri seçmək imkanı eldə edə bilirlər. Bunun nəticəsində tələbə özü üçün ən maraqlı olan mövzular üzərində dayanmaq imkanı əldə edir. Aparılan təlimlərdə   yaradıcı yanaşma müsbət qarşılanır, hər kəsin rəyi diqqətlə dinlənilir, təhlil süzgəcindən keçirildikdən sonra qəbul olunur. Praktiki dərslər, bir qayda olaraq, layihə işi, layihə üçün seçilən ərazinin naturada öyrənilməsi, qrup müzakirələri, diskusiyalar, kurs layihələrinin  aşağı kurslardan başlayaraq münsiflər qarşısında müdafiəsi və s. şəklində aparılır. Tələbəyə sərbəstlik verilir, dərslərdə davamiyyətə xüsusi olaraq nəzarət edilmir, amma dərslərdə iştirak etmədikdə, tapşırıqların öhdəsindən gəlmək olduqca çətinləşir. Təhsil prosesində mənim və digər tələbələrin layihə üzərində çalışarkən fikirlərinin diqqətlə dinlənilib, tənqidi şəkildə müzakirə edilməsi və təcrübələrini  bölüşmək üçün görkəmli memarlarla keçirilən görüşləri cox bəyəndim.
  • Memarlıq fakültəsindən, orda keçirilən dərslərdən nə deyə bilərsiniz, tədris prosesində fərqlilik çoxdurmu?
  • Mühəndislik və Memarlıq fakültələri universitetin ən güclü fakultələrindən sayılır. 13 mühəndislik ixtisası ABŞ-ın Mühəndislik və Texnologiya Akkreditasiya Şurası tərəfindən tanınır və ştatların proqram standartlarına cavab verir. Dərslərə tanınmış layihələçi memarlar dəvət olunur, tələbələr ilə müsahibələr aparılır, memar hazırlığının bütün mənfi və üstün cəhətləri müzakirə edilirdi. Belə bir təcrübə, mənim üçün cox faydalı oldu. Nəzəri və təcrübi  bilikləri əlaqələndirmək üçün müxtəlif memarlıq-tikinti şirkətlərinə dəvət edilirdik. Görüşlər əsnasında şirkətlərin gələcək perspektivləri və tələbləri haqqında müzakirələr aparılırdı. ODTU-da İncəsənət-elm, İqtisadiyyat və İdarəetmə fakültələri də məşhurdur.
  • Dərslərdə və imtahanlarda hər hansı çətinliyiniz oldumu?
  • İlk günlər bir az çətinlik çəksəm də, tez bir zamanda öyrəşdim. Dərslərdə hər hansı problem olduqda müəllimlər bizə yardımçı olurdu. Bütün çətinliklərdən keçdim və uğurlar qazandım, yüksək qiymətlərlə ilin ən yaxşı üç tələbəsi siyahısına düşdüm. Üzərimə düşən məhsuliyyəti dərk edərək, mənə göstərilən etimadı doğrultmağa çalışdım. Çünki təhsil aldığım universiteti qabaqcıl ali məktəb, vətənim Azərbaycanı innovativ ölkə, həm də müasir dünyanın ayrılmaz parçası kimi təqdim etməli idim. Yüz nəfərdən artıq tamaşaçısı olan auditoriya qarşısında Bakının tarixi və müasir memarlığı haqqında bir neçə dəfə  təqdimatlar nümayiş etdirdim. Heç kim laqeyd qalmadı, tamaşaçıların türk dünyasının parlaq ulduzu Azərbaycana görə keçirdiyi qüruru  hiss etdim!  Mənə ODTU-da təhsil almağa imkan yaratdıqlarına görə AzMİU-nun rektorluğuna, Xarici əlaqələr şöbəsinə xüsusi təşəkkür etmək istəyirəm. Həmçinin, doğma universitetimin müəllimlərimə təşəkkür edirəm. Çünki  burada aldığım biliklər mənə Türkiyənin ən güclü Universitetində yüksək nəticələr qazanmağa kömək etdi.

14-02-2020