“Clarivate Analytics” şirkətinin nümayəndəsi AzMİU-da təlim keçib

             Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə bu gün akademik yazı üslubları, məqalələrinin xarici jurnalların tələbatlarına uyğun formalaşması, elmi-nəticələrin məqalə formasına salınması zamanı buraxıla biləcək səhvlər, uyğun beynəlxalq indeksli jurnalların tapılması və s. məsələlərə həsr olunmuş təlim keçirilib. Təlimdə  Universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər.

             Tədbirin açılışında Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva qonağı salamlayıb, şöbənin bu istiqamətdə keçirdiyi tədbirləri barədə ətraflı məlumat verib.          N.Rzayeva qeyd edib ki, mövzunun hazırda çox aktual və geniş olduğunu nəzərə alaraq silsilə tədbirlərin keçirilməsi məqsədəuyğundur.

             Təlimin aparıcısı Clarivate Analytics Şirkətinin informasiya resusları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər,  elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. Təlim zamanı Valeriya Kurmakayeva online rejimdə yuxarıda sadalanan problemləri həll etmək üçün nəzərdə tutulmuş Web of Science platformasında mövcüd olan alətlərdən bəhs edib.

              Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

11-02-2020