AzMİU-da payız semestrinin imtahan sessiyası başlayıb

          Bu gündən başlayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçiriləcək.
          2019-2020-ci tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb. 
          Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı üzrə yaradılan işçi qrupuna bakalavr səviyyəsi üzrə Mehdi Soltanov, magistratura səviyyəsi üzrə Rövşən Səmədov rəhbərlik edəcək. 
          Əmrdə bildirilir ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan sessiyası dövründə birbaşa rektorun özünün sədrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.

07-01-2020