İordaniya səfiri AzMİU-nun qonağı olub

     İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

     Rektor professor Gülçöhrə Məmmədova qonağı salamlayaraq, rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar barədə qonağa məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb. Universitetdə bu günə qədər 84 iordaniyalının oxuduğunu, onlardan 75-nin keçmiş SSRİ dövründə, 9 nəfərinin isə 2001-2016-cı illərdə təhsil aldıqlarını səfirin diqqətinə çatdırıb. G.Məmmədova vurğulayıb ki, ölkələrimiz arasında qurulmuş işgüzar əlaqələr nəticəsində 2011-16-cı illərdə universiteti bitirən iordaniyalı tələbələrin diplomları öz ölkələrində tanınıb. Hazırda İordaniya vətəndaşlarının AzMİU-ya marağının azalmasını o, məhz bu faktorla əlaqələndirib.

     Səmimi qəbul üçün rektora minnətdarlıq edən cənab Sami Asem Abdullah Ğoşeh bu məsələni diqqətdə saxlayacağını, yaxın günlərdə ölkəsinə səfəri çərçivəsində maraqlanacağını xüsusi qeyd edib. Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
     Görüşdə tələbə-müəllim mübadiləsi, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda səfir Universiteti gəzib, Memarlıq fakültəsi ilə yaxından tanış olub.

26-12-2019