Türkiyənin ölkəmizdəki səfiri AzMİU-da türkiyəli tələbələrlə görüşüb

     Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin təhsil müşaviri Nihat Böyükbaş bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşüblər. 
      Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva rektorluq adından səfiri salamlayıb, tələbələrlə belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə dostluğu yalnız siyasətdə deyil, həm də elmdə və təhsildə böyük uğurlar qazanıb. “Bu münasibətlər təhsilimizdəki birgə uğurlarımız üçün möhkəm təməldir”. 
      Səfir E.Özoral görüşün keçirilməsindən məmnun qaldığını bildirərək yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib. O, çıxışında Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlərdən danışıb, AzMİU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. Səfir tələbə-gənclərə yaxşı oxumağı, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi, xalqı, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə edib. 
     Görüşün sonunda tələbələrin arzu və istəklərini dinləyən səfir, onların problemləri ilə də maraqlanıb, sualları cavablandırılıb.
 

11-12-2019