Universitetimizin müəllimi tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlimdə iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, “Sənayenin təşkili və idarə edilməsi” kafedrasının müəllimi Günel İmamquliyeva Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun birgə həyata keçirdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində Seul şəhərində təşkil olunan “2024 K-İnnovasiya Təlim Proqramı”nda (texnologiya startapları üçün təlimçilərin təlimi) iştirak edib.
Startapları ilə bağlı təlimlər üç hissədən ibarətdir və ilk təlim cari ilin iyul ayında onlayn formada, koreyalı professorların təqdimatında keçirilib. Təlimdə ölkəmizdən ümumilikdə 17 nəfər iştirak edib və onlardan 6 nəfəri, 25-29 avqust tarixlərində Seulda baş tutan təlimdə iştirak hüququ qazanıb.
Seula səfər zamanı təlim iştirakçıları, eyni zamanda Azərbaycan Respublikasının Koreyadakı səfiri Ramin Həsənovla görüşərək innovasiya ekosisteminin problemləri və fürsətlər haqqında müzakirələr aparıblar.
Yüksək texnologiyalar təklif edən startaplar üzrə təlimçilərin hazırlanmasına əsaslanan təlimin kurikulumu qlobal miqyaslı “I-Corps” təlim proqramının bazası əsasında hazırlanıb. “I-Corps” təlim proqramı ABŞ-nin Milli Elm Fondunun təşəbbüsüdür, tədqiqatçılara elmi kəşflərini kommersiya məhsul və xidmətlərinə çevirməkdə kömək etmək üçün nəzərdə tutulub. Proqram alim və mühəndislərə öz innovasiyalarını bazara çıxarmaq üçün lazımi bacarıq və biliklər verməklə onların sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədi daşıyır.
Təlim proqramının üçüncü hissəsinin sentyabr ayında onlayn formada keçirilməsi planlaşdırılıb.