Tələbələrimiz “AzerGold” QSC tərəfindən keçirilən müsabiqənin qalibi olublar

      “AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında 2019-cu ildə əməkdaşlığa dair imzalanmış fəaliyyət planına əsasən adıçəkilən şirkət tərəfindən universitetin 15 tələbəsi arasında müsabiqə təşkil olunub. Müsabiqə, “AzerGold” QSC-nin Çovdar Filiz Emalı Sahəsində yerləşən mövcud konveyer xəttinin alt hissəsindən avtomobil yolunun çəkilməsi” adlı mövzudan ibarət olub. 
      AzMİU-nun tələbələri arasında keçirilən bu müsabiqədə Nəqliyyat fakültəsinin 3 tələbəsi - Nurlan Baxışov, Elmir Əsgərov və Elcan Süleymanlı qalib gəliblər. Müsabiqə nəticəsində qalib olan tələbələrimizin “AzerGold” QSC-nin mədənlərindən birinə günlük səfəri nəzərdə tutulub. 
      Qaliblərin təqdimatı üçün onlar “AzerGold”-a dəvət olunublar. Strateji Planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərovun  rəhbərliyi ilə tələbələr şirkətin ofisində təqdimat üçün qəbul ediliblər. Təmir-tikinti və energetika şöbəsinin baş mühəndisi Zəka Talıbov, İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev qalib tələbələrin təqdimatlarını dinləyib, onlara mövzu ətrafında suallar ünvanlayıblar. Təqdimat qarşılıqlı müzakirələr şəklində davam edib. Təqdimat sonrası Valid Əliyev qalib tələbələrin “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsinə ekskursiyaya göndəriləcəklərini bildirib. Eyni zamanda seçilən bu tələbələrin şirkətin tələbə-məzun bazasına düşdüklərini, gələcəkdə hər hansısa layihələrdə onlara müraciət oluna biləcəyini vurğulayıb. Zəka Talıbov isə Çovdar sahəsi haqqında onlara qısaca məlumat verib. 
      Şirkət nümayəndələri tələbələr üçün yaradılan şərait üçün universitet rəhbərliyinə  təşəkkürlərini bildiriblər. Eyni zamanda Vasif Əskərov da öz növbəsində tələbələrimiz üçün bu kimi müsabiqələrin, qeyd olunan ekskursiyaların keçirilməsinə görə şirkət rəhbərliyinə və nümayəndələrinə universitetin adından təşəkkür edib. 
 

14-11-2019