AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir

      Bu gün Türkiyənin Yıldız Texnik Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. YTU-nun İnşaat fakültəsinin dekanı prof. dr. Engin Gülalın rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak edib. 
      AzMİU-nun rektoru qonaqları salamlayıb, ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi üçün belə görüşlərin önəmliliyini, rəhbərlik etdiyi universitetin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Rektor əməkdaşlıq əlaqələrinin beynəlxalq proqram və layihələr çərçivəsində inkişafı ilə yanaşı, müəllim-tələbə mübadiləsi, ikili diplom, tədqiqat işlərinin birgə yerinə yetirilməsi vəs. istiqamətlərdə davam etdirilməsini arzulayıb. 
      YTU-nun İnşaat fakültəsinin dekanı təmsil etdiyi universitetin rəhbərliyi adından səmimi qəbul üçün təşəkkür edib, əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün əllərindən gələni edəcəklərini bildirib. Sonra dr. E.Gülal  digər qonaqları - İnşaat mühəndisliyi kafedrasının müdiri prof. dr. Mehmet Berilgeni, Ekologiya mühəndisliyi kafedrasının müdiri prof. dr. Güleda Engini təqdim edib, AzMİU ilə əməkdaşlığın real istiqamətləri ətrafında danışıb. YTU haqqında prezentasiyanın nümayişindən sonra görüş səmimi müzakirələr ətrafında davam etdirilib. 
      Görüşdən sonra qonaqlar AzMİU-nun Sərgi salonuna baş çəkiblər, Memarlıq fakültəsinin tələbəsi Dəniz Baxışzadənin fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Qonaqlar Universitetin birinci korpusunda Şəhidlər guşəsini də ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olan tələbə və əməkdaşların ruhuna dualar oxuyublar. Universitetlə yaxından tanışlıq proqramına uyğun olaraq qonaqlar Memarlıq fakültəsində də olublar, dərs prosesini izləyiblər, studiya və mərkəzləri gəziblər. 
      Onu da qeyd edək ki, səfər çərçivəsində YTU nümayəndələri universitetin İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində də görüşlər keçirəcək, əməkdaşlığın yeni istiqamətləri barədə ciddi müzakirələr aparacaqlar. 
 

12-11-2019