Rektor Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə bu il qəbul olan I kurs tələbələri ilə görüşüb. Görüşdə prorektorlar, adıçəkilən fakültənin dekanı, tələbə həmkarlar və tələbə gənclər təşkilatları da iştirak edib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Zakir Musayev rektora bu gün fakültədə gerçəkləşən görüş üçün təşəkkürünü bildirib. Dekan məlumat verib ki, bu il fakültəyə 318 tələbə qəbul olub və onlardan 51 % -i dövlət sifarişi, 49%-i isə ödənişli əsaslarla təhsil alır.
Daha sonra universitetin rektor Gülçöhrə Məmmədova çıxış edərək gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb. Tələbələrlə görüşlərə önəm verdiyini söyləyən rektor, onların problemlərini, təklif və şikayətlərini dinləməyə hazır olduğunu da bildirib. AzMİU-da tələbə, müəllim və universitet rəhbərliyi arasında münasibətlərin demokratik əsaslarla qurulduğunu, bundan sonra da eyni əsaslarla davam etdiriləcəyini qeyd edib.
Gülçöhrə Məmmədova bildirib ki, ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir.
Rektor, həmçinin, nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları ətrafında da onları məlumatlandırıb. Onları universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib, problem, qayğı və istəkləri barədə bu qurumlara müraciət etmək şanslarının olmasından da danışıb.
Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov çıxış edərək universitetdə tələbələr üçün hər cür şəraitin yaradıldığını bildirib. Tələbələrə keçirilən dərslərə ciddi yanaşmağı tövsiyə edib. Prorektor onlara təhsillərində uğurlar arzulayıb. Sonda görüş tələbələrin sualları ilə başa çatıb.