Universitetimizdə Xocalı şəhidlərinin xatirəsi yad edildi
23.02.2012Fevralın 24-də universitetin akt zalında Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Söz universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədovaya verildi. O, xalqımızın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş qəddar bir terror hadisəsi olan Xocalı faciəsindən danışdı. Rektor çıxışında qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri faciədə 613 nəfər öldürülmüş, 8 ailə tamamilə məhv edimiş, 25 uşaq hər iki valideynini itirmiş, 1275 nəfər girov götürülmüş, 1000 nəfər isə şikəst olmuşdur.
Rektor çıxışında ermənilərin zaman-zaman Azərbaycan xalqının başına gətirdikləri bəlalardan da söhbət açdı. Bildirildi ki, tarixin müxtəlif dövrlərində erməni millətçiləri Azərbaycan türklərinin torpaqlarına sahib olmaq məqsədilə terror siyasətinə əl atmış, müxtəlif bölgələrdə yüzlərlə kəndi yandırmış, insanları vəhşicəsinə qətlə yetirmişlər.
Rektor çıxışının sonunda ermənilərin Xocalıda törətdiyi dəhşətli faciəni təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayət adlandırdı.
Mərasimdə çıxış edənlərdən YAP Yasamal rayon 43 saylı ərazi ilk təşkilatı Qadınlar Şurasının sədri Salatın Əhmədli, Tikinti-iqtisad fakültəsinin II kurs tələbələri Malik Bağırov, Günay Məmmədova və Qarabağ uğrunda gedən döyüşlərdə batalyon komandirinin müavini işləmiş mayor Aida Şirinova da Xocalı faciəsinin ağrı-acılarından, "Böyük Ermənistan" yaratmaq xülyası ilə nəfəs alan erməni millətçilərinin məkrli planlarından söhbət açdılar.
Tədbirin sonunda şairə Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi ədəbi-bədii kompozisiya nümayiş olundu.
Universitetin əsaslı kitabxanasında və onun tədris korpuslarındakı qiraət zallarında bu faciəni əks etdirən fotostendlər təşkil olunmuş, kitab, plakat və sənədli materiallar qoyulmuşdur.
Fevralın 24-də universitetin fakültələrində, habelə universitetin nəzdindəki kollec və liseydə keçilən ilk dərslər də bu faciəyə həsr olundu.

