Bərpa qaydaları

    Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasının və ya təhsil formasının dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası ( həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır.


Tələbələr sırasına bərpa:
1. Hər hansı bir səbəbdən xarici ölkə təhsil müəssisələrində tələbələr sırasından xaric olunmuş tələbə respublikanın müvafiq təhsil müəssisələrinə bərpa oluna bilər. Respublikanın ali məktəblərində tələbələr sırasından xaric olunmuş tələblər isə yalnız həmin ali məktəblərinə bərpa oluna bilərlər.
2. Tədris intizamını, təhsil müəssisələrinin daxili qaydalarını, təhsil aldığı ölkənin qanunlarını pozduğuna görə tələbələr sırasından xaric edilmişlər istisna olmaqla, əvvəllər ali və orta ixtisas təhsili müəssisələrindən xaric olunmuş şəxslərin tələblər sırasına bərpası növbəti semestrin başlanğıcından tez olmayaraq təhsilin bütün formalarında bir dəfə aparıla bilər. Digər hallarda isə yalnız tələbələr sırasından xaric olunduqdan ən azı bir il keçdikdən sonra bərpaya icazə verilir.
3. Xaricdə dövlət xətti ilə təhsil alanlar ödənişsiz, digərləri isə yalnız ödənişli əsaslarla bərpa edilə bilərlər.  
4. Həqiqi hərbi xidmətdən tərxis edilmiş şəxslər öz istədikləri təhsil formasında təhsillərini davam etdirə bilərlər. Bu şəxslərin tələblər sırasına bərpası, akademik fərqləri və borcları ləğv etməsi bütün tədris ili ərzində həyata keçirilir.
5. Birinci kursa bərpa qadağandır. Ali məktəbin rektorunun birinci kursun ikinci semesterində üçdən az fənndən akademik borcu qaldığına görə tələbələr sırasından xaric olunmuş tələbələri tədris ilinin başlanğıcınadək 1 ay müddətində həmin borcu ləğv etmək şərtilə ikinci kursa bərpa etmək səlahiyyəti vardır.
6. Ali təhsil müəssisələrinin rəhbərləri iki həftədən çox olmayan müddət ərzində bərpa barəsində ərizəyə baxmalı, tələblərin bərpa olma müddətini, kursunu, akademik borclarını və fərqlərin ləğvi müddətini müəyyənləşdirməli, yaxud etirazının (əgər varsa) əsaslandırılmış səbəblərini göstərməlidir. Bərpa barəsində ərizəyə akademik arayış və orta təhsil haqqında sənədin əsli (əgər xaric edildikdən əvvəl təhsil aldığı müəssisəyə bərpa olunmursa) əlavə edilir.
7. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, xaric edilməzdən əvvəl həmin tədris müəssisəsində təhsil almayan tələbələrin şəxsi işinə həm də akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. 
  
Tələbələr sırasından xaric edilmə:
  1. Tələbə:
- öz arzusuna görə
- akademik uğursuzluğa görə 
- başqa təhsil müəssisəsinə köçürüldüyünə görə
- tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarının ciddi şəkildə pozduğuna və üzürsüz səbələrdən müəyyən olunmuş miqdardan çox dərs buraxdığına görə
- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) tələbələr sırasından xaric edilir. 
 2. Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir. Həmin sənədin surəti və xaric olunma haqda əmrdən çıxarış isə təhsil müəssisəsində (tələbənin şəxsi işində) saxlanılır.