Rektor

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
professor,  memarlıq doktoru , əməkdar memar
Gülçöhrə xanım Məmmədova

 

   Azərbaycan Memarlıq və İnşaat Universiteti 2005 – ci ildə yaranmasının 30 illik və inşaat fakültəsinin 85 illik yubileyini qeyd etdi. 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində “İnşaat” fakültəsi açılmış, 1930-1934-cü illərdə müstəqil “Memalıq və İnşaat İnstitutu” yaradılmış, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində “Memarlıq-inşaat” fakültəsi fəaliyyət göstərmiş və 1951-ci ildə Azərbaycan Politexnik İnstitutu yaradılanda onun tərkibinə keçmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu fəaliyyətə başlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. 
  Universitetimiz bu illər ərzində respublikamızda baş verən sosial-iqtisadi inkişafla sıx bağlı olmuş, memarlıq və inşaat elminin, təhsilinin təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. Təhsil ocağımızda yetişdirilən kadrlar Azərbaycanın iqtisadiyyatının inkişafında böyük rol oynamışlar. Məzunlarımız ölkəmizdən kənarda da səmərəli fəaliyyət göstərmiş, universitetimizin adını yüksəklərə qaldırmışlar. 
  Fərəhlə qeyd emək istəyirəm ki, təhsil ocağımız öz mövcudluğuna və müasir potensialına görə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevə borcludur, çünki universitetimiz məhz onun təşəbbüsü ilə yaradılmış, onun qayğısı sayəsində müasir inkişaf səviyyəsinə çatmışdır. 
  Müstəqil Azərbaycan dövlətçiliynin memarı olan prezidentimiz Heydər Əliyevin memarlığa və inşaata həvəsi ölkəmizdə onun rəhbərliyi ilə gedən genişmiqyaslı quruculuq işlərində və bizim universitetin inkişafına göstərilən qayğısında öz əksini tapmışdır. 70-ci illərin ikinci yarısı və 80-cı illərdə 15 və 12 mərtəbəli iki tədris və 9 mərtəbəli iki yataqxana binalarının tikilməsi nəticəsində universitetin müasir maddi-texniki bazası üçün möhkəm zəmin yaradılmışdır. Bu gün universitetimizin 7 fakültəsində 4,5 mindən artıq tələbə 22 istiqamətdə 42 ixtisas üzrə bakalavr, 17 istiqamətdə 36 ixtisaslaşma üzrə magistr pilləsində təhsil alır. Hazırda universitetin 46 kafedrasında və 5 elmi-tədqiqat laboratoriyasında 54 elmlər doktoru, professor, 600-dən artıq elmlər namizədi, dosent və müəllim çalışır. Elmlər namizədi və elmlər doktoru elmi dərəcələri almaq üçün 2 dissertasiya Şurası fəaliyyət göstərir. 
  Universitetin nəzdində inşaat kolleci və texniki təmayüllü lisey yaradılmışdır.İxtisasartırma fakültəsində bir neçə proqram üzrə inşaat sahəsində çalışan mühəndis kadrların yenidən hazırlanması təşkil edilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universiteti fəaliyyətə başladığı gündən yalnız respublikamız üçün deyil, həmçinin xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlamış, dünyanın nüfuzlu elmi-tədris mərkəzləri və beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmışdır.Bu gün universitetimizdə 10-dan artıq xarici ölkədən tələbə və aspirant təhsil alır. AzMİU-nun xarici ölkələrin 15 universitetilə əməkdaşlıq müqavilələri əsasında təhsil və elm əlaqələri inkişaf edir. Son illər universitetimizdə müxtəlif təşkilatların dəstəyilə təhsil, elm və memarlıq bərpa problemlərilə bəğlı 7 beynəlxalq layihə həyata keçirilmişdir. AzMİU-nun tələbələri universitetin və ölkəmizin ictimai həyatında fəal iştirak edirlər.Qürurla deyə bilərik ki, universitetin tələbə və məzunları arasında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə, 20 Yanvar hadisələrində, Qarabağ döyüşlərində həlak olmuş oğullarımız var. Onların xatirəsi həmişə ehtiramla yad edilir. Azərbaycan Memarlıq və İnşaat Universiteti müstəqil ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatını müasir səviyyəli inşaatçı kadrlarla təmin etmək məqsədilə öz fəaliyyətini təkmilləşdirir, yeniləşdirir və Avropa təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf edir. 


E-mail: rektor@azmiu.edu.az